02.07.2022-ci il
tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy
rayonunun Aşağı Ağcakənd qəsəbəsində polis işçilərinin peşə bayramı günü münasibətilə
keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə,
müəssiə, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun polis işçiləri “Heydər”
parkında ucaldılan Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər
düzdülər, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirdilər.
Azərbaycan polisi
vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində
üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə
borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Xocalı polisləri
də Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin
müdrik siyasətinə həmişə sadiqdirlər. Polis işçilərimiz vətəndaşlarımızın təhlükəsizliyinin
təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət
göstərir, polis adını şərəflə qoruyurlar.
Xocalı rayon
polisi yarandığı ilk gündən erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında
yaxından iştirak etmişdir. Xocalı soyqırımı zamanı xalqımıza
qarşı törədilən vəhşət polis işçilərinin gözünü qırmadı, əksinə
onlar silaha sarılaraq Ağdam rayonunun Güllücə, Göytəpə, Qərvənd kəndləri uğrunda
gedən döyüşlərdə iştirak etdilər. Qeyri-bərabər
döyüşlərdə polis işçilərindən 29 nəfər şəhid olmuş, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri
alaraq yaralanmışdır.
Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra rayonumuzdan olan bir neçə polis işçiləri dövlət mükafatları ilə təltif olunmuşdur. Belə
ki, 4 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş, 2 nəfər
“Azərbaycan Bayrağı”, 2 nəfər isə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Xocalı Rayon Polis Şöbəsi 2003-cü ildən Goranboy
rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir və polis əməkdaşları öz
xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.
Xocalı rayon
Polis Şöbəsinin şəxsi heyəti Vətən Müharibəsində gücləndirilmiş rejimdə fəaliyyət
göstərərək arxa cəbhəmizdə xalqımıza dəstək oldu. 44 gün davam edən haqq
savaşımızda erməni faşizmi Xocalı Rayon Polis Şöbəsinin inzibati binasını da hədəf
aldı. Xocalı polisi əməkdaşlarından bəziləri hal-hazırda doğma Xocalının azad olan Çanaqçı,
Sığnaq və digər kəndlərində xidmət aparırlar. Rayon polisləri koronavirus
pandemiyası ilə mübarizə dönəmində də öz üzərinə düşən öhdəlikləri yüksək səviyyədə
yerinə yetirib.
Dövlətə və dövlətçiliyə hər zaman sadəqət göstərən,
Cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşən
xocalılar inanır ki, tezliklə Xocalıya qayıdacaqlar. O zaman Xocalı Rayon Polis
Şöbəsi də doğma Xocalıya köçürüləcək və polislərimiz fəaliyyətini Xocalıda
davam etdirəcəkdir.